ABŞ administrasiyası Vaşinqtonla Tehran arasında formalaşan çərçivə anlaşmasının İsrail hərbçilərinin Livan ərazisindən çıxarılmasını nəzərdə tutmadığını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ağ Evin yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün təşkil olunan telefon brifinqində bildirib ki, İsrail ordusunun Livandan geri çəkilməsi tərəflər arasında əldə edilən razılaşmanın şərtləri sırasında yer almayıb.
ABŞ rəsmisi vurğulayıb ki, bu məsələ danışıqlarda əsas tələb kimi irəli sürülməyib və razılaşmanın tərkib hissəsi olmayıb.
Onun sözlərinə görə, əldə olunan anlaşmanın əsas məqsədi bölgədə atəşkəs rejiminin qorunmasını təmin etməkdir və bu proses yalnız bir tərəfin üzərinə öhdəlik qoyan mexanizm kimi nəzərdə tutulmayıb.
Nümayəndə əlavə edib ki, əgər İran Livandakı “Hizbullah”ın fəaliyyətinə təsir göstərə bilməsə və qruplaşma İsrail ərazisinə hücumlar təşkil etsə, Tel-Əviv öz təhlükəsizliyini təmin etmək üçün cavab addımları atmaq hüququnu saxlayacaq. ABŞ tərəfi bunun İsrailin müdafiə hüququ çərçivəsində qiymətləndiriləcəyini qeyd edib.
