Ev Ekspert rəyiMəkkə sazişi və İran dilemması: Yaxın Şərqdə yeni hərbi balans yaranır

Məkkə sazişi və İran dilemması: Yaxın Şərqdə yeni hərbi balans yaranır

by Baş Redaktor
65 Baxış

Məlum olduğu kimi, uzun müddətdir ki, ABŞ-İran gərginliyi davam edir. İki tərəf arasında hər nə qədər atəşkəs məsələsi gündəmə gəlsə də tərəflər bunun baş verməyəcəyini bildirirlər. Bir çox tanınmış nəşrlər ABŞ Prezidenti Donald Trampın İran strategiyasının iflasa uğradığı, heç bir nəticə vermədiyinə dair fikirlər səsləndirirlər.

Reallıq nədir? Tərəflərdən hansı üstünlük əldə edə bilər? Yoxsa proses bu formada davam edəcək?

Army.az-a danışan politoloq Turan Rzayev deyib ki, ABŞ–İran gərginliyinin yaxın perspektivdə tam və dayanıqlı şəkildə sona çatması inandırıcı görünmür:

“Tərəflər arasında müəyyən diplomatik təmasların və mümkün razılaşma cəhdlərinin olması gərginliyin aradan qalxdığı anlamına gəlmir.  Əksinə, danışıqların gündəliyində qalan əsas məsələlər Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının nə qədər dərin olduğunu göstərir.

banner


Ən ciddi ziddiyyətlərdən biri İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlıdır. ABŞ Tehran qarşısında nüvə proqramının məhdudlaşdırılması və yüksək səviyyədə zənginləşdirilmiş uranın taleyinin aydınlaşdırılması tələbini irəli sürür. İran isə nüvə potensialının əsas elementlərindən tamamilə imtina etməyə hazır olmadığını nümayiş etdirir”.


Politoloqun fikrincə, digər mühüm problem Hörmüz boğazıdır:

“İran boğaz üzərində öz nəzarət imkanlarını qorumağa və keçidlərə görə ödəniş və ya “xidmət haqqı” tətbiq etməyə çalışır. ABŞ isə beynəlxalq enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyan bu marşrutda sərbəst və məhdudiyyətsiz gəmiçiliyin təmin olunmasını tələb edir. Vaşinqtonun mövqeyinə görə, İranın gəmilərin hərəkətinə icazə verməsi və keçidlərdən ödəniş tələb etməsi qəbul edilə bilməz.


Burada söhbət yalnız Hörmüzdən keçən gəmilərdən və onların ödəyəcəyi məbləğdən getmir. İran Hörmüz üzərində nəzarət imkanlarını öz təhlükəsizlik və iqtisadi maraqlarının mühüm aləti hesab edir. ABŞ isə bunun presedent yaradacağından və qlobal enerji təchizatının siyasi təzyiq vasitəsinə çevriləcəyindən ehtiyatlanır.


Üstəlik, tərəflərin razılaşmanın özünü necə şərh etməsi də ciddi problem olaraq qalır. Son günlərdə İran tərəfi danışıqlarda real irəliləyiş olmadığını bildirərkən, Vaşinqton Tehranı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Bu qarşılıqlı ittihamlar göstərir ki, tərəflər yalnız konkret məsələlərdə deyil, əldə edilmiş razılaşmaların mahiyyəti və icrası barədə də ortaq mövqedən uzaqdırlar”.

Turan Rzayev

Turan Rzayev deyib ki, ABŞ–İran arasında mövcud ziddiyyətlərin dərinləşməsi hərbi qarşıdurma ehtimalını da artırır:

“Tərəflərin əsas məsələlər üzrə kompromisə gələ bilməməsi Vaşinqtonun hərbi variantı yenidən gündəmə gətirməsi üçün zəmin yarada bilər.


Məncə, Vaşinqton üçün ən əlverişli ssenarilərdən biri ABŞ-ın İranla birbaşa genişmiqyaslı müharibəyə girməsi deyil, regional aktorların prosesə daha fəal cəlb olunması ola bilər. Bununla ABŞ həm İran üzərində hərbi-siyasi təzyiqi saxlaya, həm də mümkün qarşıdurmanın əsas yükünü regional tərəfdaşlarının üzərinə keçirə bilər.

Bu baxımdan avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi” xüsusi diqqət çəkir. Tərəflər sənədin hər hansı konkret ölkəyə, o cümlədən İrana qarşı yönəlmədiyini bildirirlər. Bununla belə, sazişin imzalandığı zamanlama diqqət çəkir. İranla bağlı hərbi-siyasi gərginliyin yüksək olduğu bir mərhələdə üç mühüm regional güc təhlükəsizlik sahəsində daha sıx koordinasiya mexanizmi yaradır. Sazişdə üzvlərdən birinə qarşı silahlı hücumun hamısına qarşı hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur.


Məsələn, İran ABŞ-nin regiondakı hərbi bazalarına və ya onun regional tərəfdaşlarının ərazisində yerləşən obyektlərə zərbə endirsə, həmin ölkələr də cavab vermək məcburiyyətində qala bilər. Əgər İranın cavab tədbirləri Səudiyyə Ərəbistanının ərazisinə və ya strateji infrastrukturuna yönələrsə, Ankara və İslamabadın Ər-Riyadla müdafiə öhdəlikləri daha ciddi sınaq qarşısında qala bilər. Bu isə ABŞ-ın birbaşa hərbi iştirakından daha geniş regional koalisiyanın formalaşmasına gətirib çıxara bilər.


Məhz burada Vaşinqton üçün strateji üstünlük yarana bilər. ABŞ özü İranla qarşıdurmanın əsas tərəfi olaraq qalmaqla yanaşı, regional dövlətlərin təhlükəsizlik maraqlarını İran təhlükəsi ilə daha sıx əlaqələndirə bilər”.

Əlaqəli Yazılar Xüsusi